Azərbaycan Respublikasında peşəkar mühasib hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur:

  • "Mühasibat uçotu haqqında" AR Qanununa uyğun olaraq peşəkar mühasiblər üçün nəzərdə tutulmuş müvafiq sertifikata sahib olmaq;
  • peşəkar mühasib təşkilatının üzvü olmaq.

Peşəkar mühasiblər malik olduqları sertifikatın növünə uyğun peşəkar mühasib xidməti göstərmək hüququ əldə edirlər

Peşəkar mühasib sertifikatının verilməsi məqsədi ilə imtahanların keçirilməsi və sertifikatların verilməsi AR Dövlət İmtahan Mərkəzi tərəfindən, peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması isə AR Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları AR Nazirlər Kabinetinin qəbul etdiyi Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydalara əsasən müəyyən edilir.

İlk öncə peşakar mühasib, peşakar mühasib sertifikatı, peşəkar mühasib səviyyəsi və peşəkar mühasib təşkilatı terminlərinin təriflərinə baxaq.

Peşəkar mühasib - AR Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir.

Peşəkar mühasib sertifikatı - şəxsin AR Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçdiyini və "Peşəkar mühasib" səviyyəsinə uyğunluğunu təsdiq edən sənəddir.

Peşəkar mühasib səviyyəsi - maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilməsi, habelə Azərbaycan Respublikasının qanunlarına əsasən vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi bacarığını təsdiq edən peşəkarlıq səviyyəsidir.

Peşəkar mühasib təşkilatı - üzvləri peşəkar mühasiblərdən ibarət olan və AR Maliyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatıdır.

Sertifikatlaşdırma imtahanına daxil olmaq üçün namizədə olan tələblər:

  • iqtisadi sahədə orta ixtisas təhsil və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajı;
  • və yaxud iqtisadi sahədə ali təhsil;

İmtahan və suallar

Sertifikatlaşdırma ikimərhələli imtahan vasitəsilə həyata keçirilir.

  • birinci mərhələ - mühasibat uçotu üzrə sualları əhatə edir;
  • ikinci mərhələ - büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir.

Mühasibat uçotu sualları aşağıdakı standartlar və qaydalar üzrə tərtib edilir:

İmtahanın hər bir mərhələsi 3 (üç) saat olmaqla keçirilir.

İmtahanın hər bir mərhələsi test tapşırıqlarından ibarətdir. Test tapşırıqlarının aşağıdakı növləri vardır:

  • qapalı tipli, yəni verilən cavab variantlarından 1 (bir) doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;
  • açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları.

İmtahanın hər bir mərhələsində 40 test tapşırığı təqdim edilir. İmtahanın birinci mərhələsində təqdim olunan test tapşırıqlarından 30-u qapalı tipli, 10-u açıq tipli, imtahanın ikinci mərhələsində təqdim olunan test tapşırıqlarından isə 35-i qapalı tipli, 5-i açıq tipli test tapşırıqları olur.

İmtahanın ikinci mərhələsində bütün açıq tipli test tapşırıqları və qapalı tipli test tapşırıqlarının 15-i vergi qanunvericiliyi üzrə, digər test tapşırıqları isə aşağıdakı bölgü üzrə təqdim edilir:

  • imtahanın birinci mərhələsi Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını əhatə etdiyi halda, 15 qapalı tipli test tapşırığı mülki qanunvericilik və 5 (beş) qapalı tipli test tapşırığı əmək qanunvericiliyi üzrə;
  • imtahanın birinci mərhələsi İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarını əhatə etdiyi halda, 10 qapalı tipli test tapşırığı büdcə qanunvericiliyi5 (beş) qapalı tipli test tapşırığı mülki qanunvericilik və 5 (beş) qapalı tipli test taşırığı əmək qanunvericiliyi üzrə.

Qiymətləndirmə və keçid balları:

İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir.

İmtahanın birinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

İmtahanın ikinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli test tapşırıqlarının hər biri 10 balla qiymətləndirilir.

İmtahanın birinci və ikinci mərhələsindən ayrı-ayrılıqda 50 və ya daha çox bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.

İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı əldə etmək üçün imtahanın birinci və ikinci mərhələsindən aşağıda göstərilən balları toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər:

  • imtahanın birinci mərhələsindən 35-dən 50-dək və imtahanın ikinci mərhələsindən 35 və ya daha çox bal toplamış namizədlər;
  • imtahanın birinci mərhələsindən 35 və ya daha çox və imtahanın ikinci mərhələsindən 35-dən 50-dək bal toplamış namizədlər.

Azadolmalar

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

  • İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının (the Association of Chartered Certified Accountants - ACCA) FR - "Financial Reporting" imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya "DipIFR" sertifikatına;
  • İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA - Chartered Institute of Management AccountantsF2 "Advanced Financial Reporting" sertifikatına;
  • Sertifikatlaşmış İctimai Mühasib (CPA - Certified Public Accountant) təşkilatının sertifikatına;
  • İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;
  • Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – "Diploma in IFRS".

İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir.

Peşəkar mühasib sertifikatının növləri və iş imkanları.

Peşəkar mühasib sertifikatının verilməsi üçün imtahanın nəticələri əsasında Mərkəz sertifikatlaşdırılmada iştirak etmiş hər bir namizəd barədə müvafiq qərar qəbul edir.

İmtahandan müvəffəqiyyətlə keçmiş şəxslərə aşağıdakı 4 növ sertifikatlar verilir:

  1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı.

    Aşağıdakı təşkilatlarda baş mühasib vəzifəsini tuta bilərlər:

    • mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə;
    • iri sahibkarlıq subyektlərində;
    • illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.2.1-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə.
  2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı.

    Aşağıdakı təşkilatlarda baş mühasib vəzifəsini tuta bilərlər:

    • ictimai əhəmiyyətli qurumlarda;
    • illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.2.1-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə.
    • mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə;
    • iri sahibkarlıq subyektlərində;
  3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı.

    Bu sertifikatı əldə etmiş peşəkar mühasiblər yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında baş mühasib vəzifəsini tuta bilərlər.

  4. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı.

    Bu sertifikatı əldə etmiş peşəkar mühasiblər aşağıdakı təşkilatlarda baş mühasib vəzifəsini tuta bilərlər:

    • mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında;
    • illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc etdirən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.2.2-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə;
    • yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında;

Peşəkar mühasib sertifikatının qüvvədə olma müddətləri.

Forması AR Nazirlər Kabineti tərəfindən müəyyən edilən peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti 5 ildir. Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxs peşəkar mühasib sertifikatının qüvvədə olma müddətinin son ilində növbəti sertifikatı almaq üçün AR Prezidentinin yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən peşəkar mühasib sertifikatı almalıdır.

Peşəkar mühasib sertifikatı alaraq fəaliyyətə başlayan şəxs sonradan eyni standart üzrə 2 dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur.

Peşəkar mühasib sertifikatının almalı olan baş mühasiblər və onlara verilən vaxt.

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsi müddətləri və ardıcıllığı AR Nazirlər Kabinetinin 25.10.2018 tarixli 464 nömrəli Qərarı ilə aşağıdakı kimi müəyyən edilib:

  1. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri - 2021-ci il 30 dekabradək;
  2. iri sahibkarlıq subyektlərinin baş mühasibləri - 2022-ci il 30 dekabradək;
  3. paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin baş mühasibləri - 2022-ci il 30 dekabradək;
  4. qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri - 2022-ci il 30 dekabradək;
  5. büdcə təşkilatları üzrə:
    5.1. mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2021-ci il 30 dekabradək;
    5.2. yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2022-ci il 30 dekabradək.

 

Mənbə: www.muhasib.az